Tükənmişlik Sindromunun Simptomları Nələrdir?

Tükənmişlik Sindromunun Simptomları Nələrdir?

Tətbiqimizi yüklə və gücünü test et!

Yanma sindromu simptomları insanlar arasında fərqli formalarda özünü göstərə bilər. Buna baxmayaraq, ən çox müşahidə edilən göstəriciləri fiziki, psixoloji və davranış reaksiyalarında olmaqla 3 əsas qrupda nəzərdən keçirilir.

 

İlkin mərhələdə fiziki göstəricilərdən yorğunluq, bitkinlik hissi, baş ağrısı, müxtəlif nahiyyyələrdə uyuşmalar, yuxu pozuntuları (həddindən çox yatma istəyi, yuxuya gedə bilməmək yaxud yuxu zamanı tez-tez bölünən oyanmalar) müşahidə edilir.

Əgər qarşısı alınmazsa növbəti mərhələdə fiziki göstəricilər daha da şiddətlənərək, keçməyən soyuqdəymə - tez xəstələnmə halları, infeksiyalara qarşı həssaslıq, kilo dəyişiklikləri (çəki vermə və ya kökəlmə), nəfəs problemləri, bədənin müxtəlif hissələrində ağrı və sızılar, əzələ ağrıları, mədə-bağırsaq problemləri, yüksək təzyiq, ürək döyüntüləri və dəri problemləri özünü göstərə bilər.

Psixoloji göstəricilərə isə fərdin özünü məhdudlaşdırılmış hissi, əsəbilik, inciməyə həssaslıq, səbəbi bilinməyən narahatlıq və tədirginlik hissi, səbirsizlik, özgüvənin düşməsi, ətrafa laqeydlik hissi, gücsüzlük, enerji itkisi, iş ilə bağlı ümidsizlik, digər insanlara yüksək tənqid, ailə daxili problemlərin artması, həyata qarşı neqativ düşüncələrin artması, nəzakət, hörmət və dostluq kimi pozitiv duyğularda azalma, düşüncələrdə qarışıqlıq və uyğunsuzluqlar, artan şübhələr və paranoya halları, depressiv hisslər və günahlandırma hissləri formasında özünü göstərə bilər.

Davranış göstəriciləri daha çox ətrafdakılar tərəfindən də görülə biləcək reaksiyalardır. Bunlara unutqanlıq, uğursuzluq hissi, ailə daxili söz-söhbətlərin artması, diqqət dağınıqlığı, ani sinir partlayışları, əsəbilik, tez-tez baş verən ağlama krizləri, tək qalmaq istəyi, alınqanlıq - həssaslıq, işdən uzaqlaşma, iş yoldaşlarına qarşı tənqidi münasibət kimi göstəricilər aiddir. Bununla yanaşı tez-tez təkrarlanan işi buraxma istəyi və işə getmək istəməmə halları da müşahidə edilir.

Bu zaman fərdin yaşadığı davamlı yorğunluq hissinin əsil səbəbi iş mühitində yaşadığı gərginlikdir. Uzun müddət davam edən bu gərginlik şəxsin yuxusunu bölən kabuslar görməsinə, yuxusuzluq səbəbi ilə olan halsızlıq və hüzursuzluqlara, tez-tez nələrinsə səhv getdiyi düşüncəsi ilə yaranan narahatlıq hisslərinə səbəb ola bilir.

Yanma sendromu yaşayan insanlar fiziki-emosional sferada yüksək dərəcədə yorğunluq, bezginlik hiss edir, işlərini ertələmə (süründürməçilik), işə fokuslana bilməmə, digər əhəmiyyətsiz detallar üzərində çox qalma, müştəri və digər insanlarla ünsiyyətdən çəkinmə kimi davranışlar göstərməklə, bu vəziyyətlərlə mübarizə apara bilmək üçün bir sıra davranış pozuntuları - ev mühitlərində narahatlıq, əsəb partlayışları, mübahisələr, tək qalmaq istəyi, siqaret, içki və digər zərərli maddə və dərmanlardan istifadə kimi real həll yolları olmayan, müvəqqəti rahatlama verən üsullardan istifadə edə bilirlər.

Nəticə olaraq yanma sendromu yaşayan şəxslər özlərini dəyərsiz hiss edir və depressiv əhval-ruhiyyə problemləri yaşayırlar. Yanma sendromunun təsirləri sadəcə psixoloji sferada deyil, fiziki göstəricilərə də bir sıra psixosomatik adlandırdığımız xəstəliklər, problemlər - mədə bağırsaq xəstəlikləri, tez-tez xəstələnmələr, əzələ- skelet sistemi problemləri, cinsi problemlər (cinsi marağın azalması yaxud ereksiya problemləri) yaşaya bilirlər.

 

Əgər sizdə aşağıda qeyd edilmiş simptomlar varsa, Burn-Out və ya Yanma Sindromu yaşama ehtimalınız yüksəkdir:

  1. Emosional olaraq əldən düşmüş hiss edirsinizsə;
  2. Hamıdan və hər şeydən uzaqlaşıb tək qalmaq istəyirsinizsə;
  3. Öz iş və sənətinizə qarşı marağın itib, əhəmiyyətsiz hiss etdirsinizsə;
  4. Davamlı əsəbilik və gərginlik halı yaşayırsınızsa;
  5. Əvvəllər asanlıqla öhdəsindən gəldiyiniz problemləri həll edərkən çətinlik yaşayırsınızsa;
  6. Xroniki ağrılar, baş gicəllənmələriniz varsa;
  7. İnsanlara, işə qarşı səbriniz, dözümlülüyünüzün aşağı olmasını hiss edirsinizsə.

photo

Mahizər Yunis

Təcrübə: 8 il
Psixoloq

Təklif edilən mövzular

Hamısına bax